Yeni İlə yeni inflyasiya ilə | TƏHLİL

   Yeni İlə yeni inflyasiya ilə    | TƏHLİL
  21 Dekabr 2023    Oxunub:1799
Ölkədə inflyasiya cüzi templə də olsa azalmaqda davam edir. 11 ayın yekununa əsasən istehlak qiymətləri indeksi keçən ilin eyni dövrü ilə müqayisədə 9,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 10,4%, qeyri-ərzaq məhsulları 8,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,6% artıb. Noyabrda qeyd olunan göstərici oktyabrla müqayisədə 0,2% az, ötən ilin noyabrına nisbətən isə 2,6 % çox olub.
İnflyasiya və bahalaşmaya dair şərhlərimdə həmişə qeyd etmişəm ki, ölkəmiz idxaldan asılı vəziyyətdə olduğundan hər şey daha çox xarici təsirlərdən qaynaqlanır. 2021-2022-ci illərdəki inflyasiya və bahalaşma dalğası da bu səbəbdən ortaya çıxmışdı. Bu il tendensiyanın qlobal miqyasda zəifləməsi maydan etibarən bizdə də özünü göstərməyə başladı. Ancaq bu, həm gec oldu, həm də idxal məhsulları üzrə istənilən səviyyədə ucuzlaşma qeydə alınmadı. Yəni inflyasiya ilə bahalaşma istənilən həddə səngimədi. Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə edilməyə başlanılmışdı. Enerjidaşıyıcıların qiymətlərindəki eniş ilin başlanğıcından ərzaq məhsullarının ucuzlaşmasına start vermişdi.

Son rəqəmlər prosesin hələ də tələb olunan səviyyədə səngimədiyini göstərir. Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 9,4%-ə (yəni birrəqəmli həddə) ensə də, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə müvafiq rəqəm yenə ikirəqəmli (10,4%) qalır. Bu da onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür.

Yeri gəlmişkən, noyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,4%, 2022-ci ilin noyabr ayına nisbətən 1,5% təşkil edib. Ərzaq məhsulları üzrə ucuzlaşma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun, toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun dəyərində qeydə alınıb.
Pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətləri isə artıb. Digər ərzaq məhsullarının dəyərində ciddi dəyişikliklər baş verməyib.

Müəllifin digər yazıları:
Bank sisteminə səhv diaqnoz qoyulub, yanlış dərman verilir | TƏHLİL
Xarici ticarətimiz niyə azalır? | TƏHLİL
Gələn ilin sualı: Minimum əməkhaqqı niyə artırılmayacaq? | TƏHLİL

Ümumi inflyasiya və bahalaşma tempi aydan-aya zəifləyir. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bu rəqəm əvvəl 20%-ə yaxın təşkil edirdisə, indi 10,4%-ə bərabərdir. Lakin il artıq başa çatır, qarşıdan yeni il gəlir. Ənənəvi bahalaşma, qiymətlərin həm obyektiv, həm də subyektiv amillər səbəbindən yüksəlməsi dövrü qapıdadır. Odur ki, ilin sonuna bilavasitə ərzaq məhsulları, içkilər və tütün məmulatları sarıdan birrəqəmli inflyasiyanın qeydə alınacağını söyləmək çətindir. Ümid 2024-cü ilədir.

Cari ildə başlanan prosesin gələn il də davam edəcəyi, başqa sözlə, növbəti ildə ölkəmizə kənar təsir və təzyiqlərin bir az da zəifləyəcəyi gözlənilir. Bu da 2024-cü ildə inflyasiyanın birrəqəmli olacağına əminlik yaradır. Yeri gəlmişkən, Mərkəzi Bankın baza ssenarisi üzrə illik inflyasiya proqnozları belədir: 2023-cü ilin sonuna 4,3%; 2024-cü ilin sonuna 5,3%; 2025-ci ilin sonuna isə 3,4%...

Hərçənd, bunlar ehtimaldır. Çünki bizdə növbəti azı 2-3 il ərzində də inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək. Qlobal məkanda ciddi siyasi-hərbi hadisə baş verməsə, böhran yaranmasa, enerjidaşıyıcıları üzrə qiymətlərdə "vulkan püskürməsi" olmayacaq, bu da ərzaq və digər məhsulların dəyərinin sabit qalmasına şərait yaradacaq. Nəticədə ölkəmizdə də inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlər sabitləşəcək.

Ancaq inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağını demək mümkün deyil. Burada hökumətin tənzimlənən qiymətlərə dair nə kimi siyasət yürüdəcəyi də mühüm rol oynayacaq. İl ərzində tənzimlənən qiymətlər - benzin, enerji, su, qaz artırılmasa, inflyasiya azalacaq.

Ümumiyyətlə, ölkədə qiymətlərin sabit qalmasını istəyiriksə, yerli istehsal genişləndirilməli, maya dəyəri aşağı salınmalı və inhisarçılıq aradan qaldırılmalıdır. Əks təqdirdə, beynəlxalq bazarlarda qiymətlər oynayan kimi bizdə "şıdırğı rəqs" başlayacaq.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti